Bəlkə “insan insanın utancıdı” əvəzinə insan insanın “ev”i-di deyə bildik…

Salam. Mən, autizmli bir oğlan uşağıyam. Yox, qorxma, mən zərərsizəm. Gerizəkalı, yarımağıl deyiləm.

Autizm – Xəstəlik deyil!

Autizm – Əlillik deyil!

Autizm – Kəm ağıllıq deyil!

Autizm – sadəcə və sadəcə fərqlilikdir və bu fərqlilik mənim özəlliyimdir. Bunu xor görüb cəmiyyətin məni insan hesab etməməsi, yaşamdan təcridi onun qüsuru, əlilliyidir. Fərqimə varın. Məni olduğum kimi qəbul edin. Mənim ailəm olun, dostum olun, müəlliməm olun…mən anamın qucağın hiss etmək istəyirəm. Çətindi, bilirəm. Yaxın gəl. Autizmi bir də bu yöndən tanı, əziz dost.

Gündəlik yaşamda sizin hiss etmədiyiniz, diqqətinizi çəkməyən şeylər məni asanlıqla özümdən çıxara bilir. Yaşıdlarım üçün çox əyləncəli olan alış-veriş mənim üçün tam bir kabusdu. Hələ alış-veriş arabalarının qıcırtı səsi və ya hansısa xoşagəlməyən iy məni özümdən çıxara bilər. Bu zaman sakitləşməyim üçün məni narahat edən şeyləri ətrafımdan uzaqlaşdırın. Üstümə gəlməyin. Aqressivliyimə mənim kimi reaksiya verməyin. Danışdıqlarınızı eşitmədiyimi fikirləşməyin. Eşidirəm lakin, eşitdiklərim mənə hansısa başa düşmədiyim bir dil kimi gəlir. Digər otaqdan məni qışqıraraq çağırdığınızda diqqətimi toplayıb nə dediyinizi başa düşə bilmirəm. Qışqıraraq çağırmaq əvəzinə yanıma gəlin. Ya da siz “darıxmışam” sözü əvəzinə “burnumun ucu göynəyir” deyəndə mən bunu sözün hərfi mənası ilə anlayıram və beynimdə qarışıqlıqlar yaranır. Bunun üçün sadə dildə danışın. Yorulmuş, qorxmuş, gərgin, həyacanlı, tədirgin ola bilirəm, bəzən. Sizi başa düşmədiyim vaxt cavab vermək üçün mənasız sözlərdən də istifadə edə bilərəm. Edə bilmədiklərimin yerinə əksin düşünün. Düşünün ki, bunları necə inkişaf etdirə bilərik. Güclü tərəflərimi kəşf etməyə çalışın. Mən də öz yaşıdlarımla parkda oynamaq istəyirəm. Onlara qarışmaq istəyirəm. Amma bunu necə etməli olduğumu bilmirəm. Tək qorxuram…

Sosiallaşmağım üçün dəstəyiniz lazımdır. Məni olduğum kimi qəbul edib, sevinməyiniz lazımdır. Kaş ki, belə olaydı, kaş ki, bunu da bacara bilərdi kimi düşüncələri ağlınızdan silməyiniz… Siz ailənizin, ətrafınızdakıların bütün gözləntilərini qarşılaya bilirsiniz? Əziz dost, autizm mənim seçimim deyil! Unutmayın bu vəziyyəti mən yaşayıram, siz yox. Qayğınız olmasa yaşaya bilmərəm. Səbr edin. Anam kimi… Bilirsiz, xəstəliyimin fərqinə vardığımız günlərdə, dolğun desəm ailəmin məndən əlini üzdüyü dönəmlərdə anamı qucaqlamaq nə deməkdi dərk etmirdim. Eyni nöqtəyə zillənirdim. Qəribə xəyallar qururdum. Anam, əllərimi qaynar çaydanın üzərinə qoyub, saxlayırdı hiss etmirdim. Günlərlə ac qalsam belə bunun mənimçün heç bir fərqi yox idi. Bəlkə müalicə ilə tamam sağalaram deyə ailəm məni ölkə, ölkə gəzdirib. Hərçənd, həkimlər autizmi yaradan səbəbi belə tam dəqiq deyə bilmirlər. Xəstəliklə tanışlıq demək olar bu cür olur: “Dəqiq nə olduğunu başa düşə bilmirəm, amma uşağımda bir qəribəlik var. Əvvəlcə elə bilirdik ki, qulaqları eşitmir, onu çağıranda heç dönüb bizə baxmırdı. Amma həkim qulaqlarında heç bir problem olmadığını söylədi. Kubikləri sürətlə bir – birinin üzərinə qoya bilməsi onun əqli inkişafında ciddi problem olmadığını göstərir…..Amma həmyaşıdları kimi oyuncaqlarla oynamır. Bunun əvəzində saatlarla dayanıb paltaryuyan maşınının barabanının sürətlə fırlanmasını izləyir. Yaxınlarım mənə boş yerə narahat olduğumu deyirlər. Ancaq mən onun anasıyam və bir problemi olduğunu hiss edirəm….. bunun səbəbinin nə olduğunu bir bilsəydim….”.

Ailəm, böyük bir çaşqınlıqla, çətinliklə də olsa iki tipik, bir fərqli övladlarının olması ilə barışdı. Zaman zaman onlar mənimlə məşğul olmağı, mənə daha çox diqqət göstərməyi sevdilər. Çünki cəmiyyətə qoşulmağım, insanlara qarışmağım o sevgi və diqqətdən asılı idi. Mənə soyuq, isti, ağrı, aclıq heç bir şey təsir etmirdi. Anam böyük bir qabın içərisinə mərci toxumları, qarabaşaq tumları töküb üstündə atılıb düşür, məni də həvəsləndirirdi. (məqsədi hissiyyat yaratmaq idi). Daha sonralar tikanlı kilim alıb, ayağımın altında nitq vərdişlərinin yaranmağı üçün, hər gün əllərimdən tutaraq, mənlə bir yerdə autist olub, o tikanlı kilimin üzərində yeriyirdi… Bacım, qardaşım problemli qardaşları var deyə heç vaxt utanc hissi keçirmirdilər. Anam deyir, “sənin ilk kiçik yalanı danışdığın gün evimizdə bayram idi(vazanı sındırıb, qardaşımı satmışdım). Atanla sevincimizdən bütün gecəni hönkür-hönkür ağlamışdıq”.

Doğurdan da həyat çox qəribədi… bəzən söylənən yalana da sevinc göz yaşı axıtmağı mümkün edir… Həmin gündən sonra anamın qulaqları elə hey sevinəcəyi yalanları eşitmək istədi… Onun saçlarını açıq görən kimi gedib sığallayırmışam. O gündən bu yana anam heç saçların kəsdirmədi. Onlara 14ildi heç toxunmadı. Qadın illərdi o sığalı, sağalmağıma aparan iynə ucu boyda ümid işartısı hesab edir… Özüm ilk dəfə su istəyəndə 17 yaşım vardı. Həmişə kiminsə əli ilə su qabına işarə edib, toxunurdum.

Dəfələrlə anamı yolda, səkidə, avtobusda pərt vəziyyətinə salmışam. Məsələn, birdəfəsində yolda gedərkən söhbət edirdik. Anamdan soruşdum ki, “evə gedəndə yataram?”. Bu məqamda bir qadınla, qız düşdü anamın üstünə. Ki, bəs, elə sənin kimilərdi “oğlunu kişi yox, mama uşağı böyüdür”, “ailələr dağıdır”. Həmin an atam zəng edib anama nəsə ürəkaçan xəbəri verməsəydi, orda nələr baş verəcəyin düşünə bilmirəm.

Yaxud metro vaqonunda gözümü zilləyib eyni nöqtəyə baxarkən, demə qarşıda dayanan sevgililər tərəfindən səhv anlaşılmışam. Oğlan gəlib məni yaxşıca söymüşdü. Autizimlər, eyni sözlərin dəfələrlə təkrarlanmasına baxmayaraq ,ətrafdakı əşyaların necə istafədə qaydasını dərk etmir. Məsələn mənim anam köhnə əlifba kitablarının rəngli şəkillərini kəsib, yatağımın, şkafımın, mətbəxin, ayaqyolunun divarlarına yapışdırmışdı. Bütün çətin dönəmləri, nahamar yolları, uzun, çox gərgin olan 14ildə mən o qadınla əl-ələ keçdim. Və qismən də olsa bacardıq. İndi onu qucağlayanda hiss edirəm. Onun qoxusun dərk edirəm. İndi danışıb, oxuya və yaza bilirəm. Məni uşaqlıqda müayinə edən həkimlərim, indi gördükdə anama : “sən dağdan, daşdan adam yaratdın” deyirlər. Hətta söz verirəm daha yaxşı bacarmaq üçün əlimdən gələni edəcəm.

Siz də autizmə bir əskiklik, yarımağıllılıq kimi yox fərqli bir qabiliyyət, bacarıq kimi baxmağa çalışın. Siz də anamdan biri olun. Bəli, bəlkə də mən növbəti bir Messi ola bilmərəm, amma həddindən artıq diqqətimlə növbəti bir Nyuton, Mozart ola bilərəm. Axı onların da autist olduğunu düşünülür. Dünyaya mənim gözümlə baxmağa çalışın. Mənim əlimdən tutun. Qorxmayın keçici deyil autizm. Mənim anam, ailəm, dostum, müəlliməm olun. Görəcəksiz mən bacardımsa, onlar da bacaracaq. Bizim qayğıya ehtiyacımız var…biz tək qorxuruq… Tanrı insana qəmi ,kədəri bol əllə bostan ürəklə vermiş olsada həyatdakı bütün tərsliklərin üzünə gülməyi, ondan beş əllə yapışmağı öyrənək… Bunu isə top- tüfənglə yox, sevgiylə, yardımsevərliklə bacaraq. Doğmalıq divarın hörün həyatınıza, münasibətlərinizə, məişətinizə. Bir dəfə də bəşərin min illik daşlaşmış “soyuqluq” ənənəsin tapdalayın. Bəlkə “insan insanın utancıdı” əvəzinə insan insanın “ev”i-di deyə bildik…

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir